SEPAH-ın sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin miqyasını genişləndirməklə hədələyib. O, çərşənbə günü, oktyabrın 21-də "Daneşju" xəbər agentliyinə müsahibəsində deyib: "Biz hələ bütün regionu müharibəyə cəlb etməmişik." Möhibbinin sözlərinə görə, müharibənin yeni mərhələsi başlasa, daha çox strateji nöqtə toqquşma meydanına çevriləcək.
Möhibbi ABŞ-ın "Bütün bombaların anası" adlanan ifrat ağır bombadan istifadə edəcəyi ehtimalını istisna etməyib. Onun iddiasına görə, bu bomba nə İslam Respublikasının nüvə fəaliyyətini dayandıracaq, nə də raketlərinin uçuş məsafəsini azaldacaq. O bildirib ki, belə bir hücum Tehranı Hörmüz boğazını yenidən açmağa da məcbur etməyəcək.
SEPAH-ın sözçüsü iddia edib ki, Hörmüz boğazının bağlı qalması ABŞ-ı iqtisadi və siyasi baxımdan təzyiq altına salıb. O xəbərdarlıq edib ki, toqquşmaların hər hansı eskalasiyası qlobal enerji bazarını daha da çətin vəziyyətə salacaq.