İsrailin baş naziri BMT Baş Assambleyasındakı çıxışında İran hakimiyyətinin hər şeydən çox öz xalqından və onun azad informasiyaya çıxışından qorxduğunu bildirib.
Netanyahu deyib: «Biz qorxmuruq. Amma sizə deyim ki, kim qorxur: Tehrandakı diktatorlar. Qorxan onlardır».
O, İrandakı etirazlara və internet məhdudiyyətlərinə toxunaraq əlavə edib: «Bilirsinizmi, onlar hər şeydən çox nədən qorxurlar? Öz xalqından; uzun müddətdir çoxlu fədakarlıqlar göstərən cəsur İran xalqından».
Netanyahu daha sonra əlinə Starlink cihazı alıb və İran hakimiyyətinin xüsusilə bu ölkənin xalqı belə vasitələrə çıxış əldə etdikdə narahat olduğunu deyib. O, Starlink-i informasiyaya çıxış, fikir və söz azadlığından istifadə vasitəsi kimi səciyyələndirib.
İsrailin baş naziri həmçinin İran hakimiyyətinin internet senzurasına «milyonlarla və milyardlarla dollar» xərclədiyini qeyd edib.
Netanyahu sonra iclas sədrinə müraciət edərək Starlink cihazını ona təhvil verdiyini, onun da cihazı İslam Respublikasının nümayəndə heyətinə çatdırmasını istədiyini bildirib. O, eyham vuraraq əlavə edib ki, İslam Respublikasının nümayəndələri «gec-tez» hakimiyyətdən getdikdən sonra öz hekayələrini sosial şəbəkələrdə sərbəst şəkildə danışa bilərlər.