Enerji naziri Abbasəli Abadi bu həftənin sonunadək işıq kəsintilərinin dayandırılacağını vəd etsə də, İranın polad zavodları şəhrivər ayında (avqustun 23 – sentyabrın 22) da tələb etdikləri elektrik enerjisinin cəmi 15 faizini şəbəkədən ala biləcəklər.
Bu zavodların tir və mordad aylarındakı (iyunun 22 – avqustun 22) elektrik kvotası da 15 faiz olub və şəhrivərdə ən azı 40 faizədək artırılması nəzərdə tutulurdu; lakin Enerji Nazirliyi qəfil qərarla kvotanın yenə 15 faiz səviyyəsində saxlanılacağını açıqlayıb. Beləliklə, vəziyyət son iki aya nisbətən pisləşməsə də, məhdudiyyətlərin azaldılması vədi də yerinə yetirilməyib.
İranın Polad İstehsalçıları Assosiasiyasının sədri Bəhram Sübhani bildirib ki, zavodlar istehsal, satış və ixrac planlarını 40 faizlik kvota əsasında tərtib etmişdilər və bu qəfil dəyişiklik onların fəaliyyətini pozur. Poladçılar ehtiyaclarının qalan hissəsini ödəmək üçün Enerji Birjasından və digər mənbələrdən daha baha elektrik enerjisi almağa məcburdurlar.
Şəbəkə elektrikinin 85 faizlik məhdudiyyətinin davam etməsi göstərir ki, ümumi işıq kəsintilərinin ehtimal olunan sona çatmasına baxmayaraq, sənayedəki elektrik böhranı və onun istehsal və məşğulluğa təzyiqi davam edəcək.