ABŞ Ədliyyə Nazirliyi "Mabna" institutu ilə əlaqəli 17 İran vətəndaşına qarşı genişmiqyaslı kiber sızma və məlumat oğurluğunda iştirak ittihamı irəli sürüldüyünü açıqlayıb.
Araz Newsun ABŞ Ədliyyə Nazirliyinin rəsmi bəyanatına istinadən verdiyi məlumata görə, ittiham olunanlar "Mabna" institutunun üzvləri və agentləri kimi tanıdılıb. İddiaya görə, onların bəzi əməliyyatları 2013-cü ildən bəri Sepah (İslam İnqilabı Keşikçiləri Korpusu) və İranın digər dövlət və universitet qurumları adına həyata keçirilib.
İttihamnaməyə görə, bu şəbəkə 144 ABŞ universitetini və 178 xarici universiteti, ən azı 42 ABŞ şirkətini və 11 xarici şirkəti, beş dövlət qurumunu və iki qeyri-dövlət qurumunu hədəf alıb.
ABŞ prokurorları əməliyyat çərçivəsində 31 terabaytdan çox universitet məlumatının, tədqiqatların, əqli mülkiyyətin və digər məlumatların oğurlandığını bildirir. 17 ittiham olunandan 9 nəfər daha əvvəl 2018-ci ildə hüquqi təqibə məruz qalmışdı.