İraqın Təhlükəsizlik Media Mərkəzinin rəhbəri Səd Məən bildirib ki, dövlətin əlində olan silah inhisarı planı rəsmi hərbi və təhlükəsizlik qurumlarının strukturundan kənarda fəaliyyət göstərən qrup və təşkilatları hədəf alır.
O vurğulayıb ki, 2016-cı ildə qəbul edilmiş 40 nömrəli qanuna əsasən, Həşdi-Şəbi İraqın silahlı qüvvələrinin bir hissəsi hesab olunur və onun üzvləri bu ölkənin hərbi qanunlarına tabedirlər; buna görə də Həşdi-Şəbi rəsmi qurum kimi dövlətdən kənar qrupların silahsızlaşdırılması planına daxil deyil.
Bununla belə, bu mövqe Həşdi-Şəbiyə bağlı və ya yaxın olan bütün qrupların istisna edildiyi anlamına gəlmir. Müstəqil komandanlığa, paralel struktura və ya silahlı qüvvələrin baş komandanının nəzarətindən kənar silaha malik olan qruplar öz silahlarını təhvil verməli və ya tam şəkildə rəsmi qurumların komandanlığı altına keçməlidirlər.
İraq hökuməti dövlətin nəzarətindən kənar silahlı qrupların fəaliyyətinə son qoymaq üçün 8 mehr (miladi təqvimlə sentyabrın sonu) tarixinədək müddət müəyyən edib. İran rejiminə yaxın olan bir sıra qruplar bu planla razılaşıb, lakin "Kətaib Hizbullah" və "Hərəkət ən-Nücəba" silahın təhvil verilməsinə hələ də etiraz edirlər.