İsrail ordusu ildə təxminən 100 min hücumçu pilotsuz uçuş aparatı (dron) istehsal etmək üçün geniş miqyaslı bir plan hazırlayıb. Bu plan ucuz dronlardan istifadəni İsrailin quru əməliyyatlarının əsas ünsürlərindən birinə çevirə bilər.
«Haaretz» qəzeti yazır ki, bu plan Rusiya-Ukrayna müharibəsindən çıxarılan dərslər və müasir döyüşlərin xarakterinin alçaq hündürlükdə aparılan əməliyyatlara doğru dəyişməsi nəzərə alınaraq hazırlanıb.
Məlumata görə, Hizbullahın partlayıcı və optik-lifli dronlardan istifadəsi də İsrail ordusunun narahatlığını artırıb və ölkənin Livanda hava üstünlüyünü çətinləşdirib.
İsrail ordusu daha əvvəl FPV intihar dronlarının istehsalı üçün zavod yaratmaq planına başlamışdı. İlkin hədəf ayda min dron istehsal etmək idi, lakin indi istehsal gücünün ildə təxminən 100 min ədədə qədər artırılması planlaşdırılır.