İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Donald Trampın Hörmüz boğazının tam açılmasının zəruriliyi barədə açıqlamalarına münasibət bildirərək, ABŞ-ın gəmilərin hərəkətinin bərpası üçün Tehranın irəli sürdüyü şərtləri yerinə yetirməli olduğunu yenidən vurğulayıb.
Əraqçi "Şəhrara News"a müsahibəsində Tehran və Ömanın ayrı-ayrılıqda apardığı danışıqların Hörmüz boğazından gəmilərin keçməsi üçün dəniz marşrutunun müəyyən edilməsinə yönəldiyini açıqlayıb.
O, Vaşinqtonla danışıqların bərpası ehtimalı ilə bağlı isə İslam Respublikasının bu barədə hələ heç bir qərar qəbul etmədiyini və Qətər və Pakistan vasitəsilə mesaj mübadiləsinin danışıq mənasına gəlmədiyini bildirib.
Eyni zamanda Pakistanın vasitəçilik səyləri davam edir. Pakistanın xarici işlər naziri İshaq Dar İslamabadda ABŞ-ın işlər vəkili Natali Beyker ilə görüşündə dialoqun sülhə doğru irəliləməyin yeganə yolu olduğunu vurğulayıb.