İraq hökuməti Kərkük–Ceyhan neft kəməri vasitəsilə ölkənin neft ixracatını qoruyub saxlamaq məqsədilə müvəqqəti icra protokolunun imzalanması üçün Türkiyə ilə danışıqların davam etdirildiyi barədə məlumat verib.
Bağdad ilə Ankara arasında 1973-cü ildə imzalanmış Kərkük–Ceyhan xam neft kəmərinə dair mövcud saziş bu ilin 27 iyulunda öz qüvvəsini itirir.
İraq rəsmiləri bildiriblər ki, ölkənin xarici işlər və neft nazirliklərinin müavinlərindən ibarət nümayəndə heyəti neftin tranziti ilə bağlı danışıqları davam etdirmək üçün cümə günü Türkiyəyə səfər edib.
İraq Xarici İşlər Nazirliyi açıqlayıb ki, müzakirə edilən müvəqqəti protokol keçid mexanizmi kimi fəaliyyət göstərəcək və mövcud sazişin qüvvədən düşməsindən sonra bir il ərzində Bağdad ilə Ankara arasında yeni sazişin imzalanması üçün zəmin yaradacaq.
Kərkük–Ceyhan kəməri gündəlik 1,5 milyon barel neft ötürmə gücünə malikdir, lakin hazırda öz tutumunun beşdə birindən azı ilə fəaliyyət göstərir.
Məlumatlara görə, Türkiyə bu kəmərin tam gücündən istifadə olunmasını istəyir və Cənubi İraqda istehsal olunan neftin bir hissəsinin də həmin marşrut vasitəsilə dünya bazarlarına çatdırılmasını təklif edib.