Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran həmkarı Məsud Pəzəşkianla telefon danışığı zamanı Ankaranın Tehran və Vaşinqton arasında əldə edilən razılaşmadan məmnunluğunu bildirib.
Ərdoğan Türkiyənin bu prosesin sülhlə nəticələnməsi üçün əlindən gələn hər dəstəyi göstərəcəyini deyib. O, danışıqları pozmağa yönəlmiş cəhdlər barədə xəbərdarlıq edib və bu addımlara qarşı ayıq-sayıq olmağın zəruriliyini vurğulayıb.
Türkiyə prezidenti yeni dövrdə regional sülhün möhkəmləndirilməsi istiqamətində addımlar atılmasını vacib və zəruri hesab edib, ölkəsinin bu istiqamətdə səy göstərəcəyini qeyd edib. Ərdoğan həmçinin iki ölkə arasında ticarət, maliyyə və enerji əməkdaşlığının genişləndirilməsi sahəsindəki addımların davam etdiriləcəyini xəbər verib.
İki lider danışıq zamanı Türkiyə ilə İran arasındakı ikitərəfli münasibətləri, eləcə də regional və beynəlxalq hadisələri müzakirə edib.