Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Serdar Berdiməhəmedovun iştirakı ilə Bakıda iki ölkə arasında əməkdaşlıq sənədlərinin imzalanması və mübadiləsi mərasimi keçirildi.
Mərasimin əvvəlində iki ölkənin prezidentləri birgə bəyannaməni imzaladılar. Bundan əlavə, gömrük, ticarət, idman, əmək və sosial təminat, səhiyyə, ərzaq təhlükəsizliyi, sənaye, energetika, kənd təsərrüfatı, bank əməkdaşlığı, iqtisadi əməkdaşlığın inkişafı sahələrində, həmçinin 2026-2029-cu illər üçün xarici işlər nazirliklərinin əməkdaşlıq proqramı üzrə ümumilikdə 12 əməkdaşlıq sənədi iki ölkənin nümayəndələri arasında mübadilə edildi.
Həmin sənədlər Azərbaycan Respublikası ilə Türkmənistan arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və müxtəlif sahələrdə münasibətlərin möhkəmləndirilməsi məqsədilə imzalandı.