Bu gün, 11 iyun, XX əsr Azərbaycan milli azadlıq hərəkatının ən görkəmli liderlərindən biri və Güney Azərbaycandakı Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin şübhəli ölümünün 79-cu ildönümüdür.
1945-ci ildə Təbrizdə qurulan və cəmi bir il fəaliyyət göstərən Azərbaycan Milli Hökuməti qısa ömrünə baxmayaraq Azərbaycan dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb.
Pişəvərinin rəhbərliyi ilə dil, mədəniyyət, təhsil, elm, iqtisadiyyat və torpaq islahatları sahələrində tarixi addımlar atılıb. Ana dilinin rəsmi dil elan olunması, Təbriz Dövlət Universitetinin yaradılması və Milli Teatrın açılması onun siyasi iradəsinin ən mühüm nəticələri sırasında yer alırdı.
Milli Hökumətin Pəhləvi işğalı nəticəsində süqutundan sonra Quzey Azərbaycana sığınan Pişəvəri 11 iyun 1947-ci ildə Yevlax yaxınlığında baş verən şübhəli avtomobil qəzasında həyatını itirib. Bir çox tarixi mənbə və şahid bu hadisənin sovet xüsusi xidmət orqanları tərəfindən planlaşdırılmış sui-qəsd olduğunu iddia edir.
Bakının Fəxri Xiyabanında dəfn olunan böyük liderin xatirəsi bu gün həm Quzey, həm də Güney Azərbaycanda ehtiramla yad edilir. Onun azadlıq və ədalət haqqında düşüncələri bu gün də Güney Azərbaycanda milli hökumət qurmaq uğrunda mübarizə aparan Azərbaycan türklərinin əsas ideya və dayaqlarından biri hesab olunur.