Şərqi Azərbaycan vilayətinin 31-ci Apellyasiya Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Kərim İsmayılzadə barəsində çıxarılan həbs və cərimə hökmünü qüvvədə saxlayıb.
Araz News-un məlumatına görə, məhkəmə Kərim İsmayılzadəyə qarşı çıxarılan əvvəlki hökmü təsdiqləyib.Qərara əsasən, o, “ictimai rəyi çaşdırmaq məqsədilə yalan məlumat yaymaq” ittihamı ilə bir il həbs cəzasına, 50 milyon tümən məbləğində cəriməyə və sosial şəbəkələrdəki hesablarının bağlanmasına məhkum edilib.
Kərim İsmayılzadə son illərdə Urmiya gölünün quruması, Azərbaycanın ekoloji problemləri, eləcə də Azərbaycan türklərinin mədəni və vətəndaş hüquqları ilə bağlı maarifləndirmə fəaliyyəti ilə tanınıb.
Bu fəal daha əvvəl də dəfələrlə təhlükəsizlik orqanlarına çağırılıb, saxlanılıb, məhkəmə qərarları ilə cəzalandırılıb və müxtəlif sosial məhdudiyyətlərlə üzləşib.
İnsan hüquqları təşkilatları və vətəndaş cəmiyyəti fəalları son illərdə Güney Azərbaycanda siyasi, mədəni və milli kimlik fəallarına qarşı təhlükəsizlik və məhkəmə təzyiqlərinin artdığı barədə dəfələrlə xəbərdarlıq ediblər.