ArazNews
Ana Səhifə / Azərbaycan / Urmu gölünün səviyyəsi son illərin ən yüksək həddinə çatdı
Azərbaycan

Urmu gölünün səviyyəsi son illərin ən yüksək həddinə çatdı

Urmu gölünün səviyyəsi son illərin ən yüksək həddinə çatdı


Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmu Gölünün Bərpası Qərargahının üzvü Yusif Qəffarzadə bildirib ki, Urmu gölündə suyun səviyyəsi 1271 metr 13 santimetrə çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 87 santimetr çoxdur.


ArazNews-un İRNA agentliyinə istinadən verdiyi məlumata görə, Qəffarzadə son aylarda yağan yağışların gölün vəziyyətinə müsbət təsir etdiyini bildirib. Onun sözlərinə görə, cari su ilinin əvvəlindən bəri gölün səviyyəsi 163 santimetrdən çox artıb.


Rəsmi məlumatlara əsasən, Urmu gölünün sahəsi hazırda 3160 kvadrat kilometrə çatıb. Bu, ötən illə müqayisədə 2670 kvadrat kilometrdən çox artım deməkdir. Göldə suyun həcmi isə 4,2 milyard kubmetrə yüksəlib ki, bu da son illərin ən yüksək göstəricilərindən biri hesab olunur.


Azərbaycanın ən mühüm ekosistemlərindən biri olan Urmu gölü 1990-cı illərin sonlarından etibarən quruma prosesinə daxil olmuş və son illərdə ərazisinin böyük hissəsini itirmişdi.


Azərbaycanlı siyasi, ekoloji və vətəndaş cəmiyyəti fəalları uzun illərdir İran hökumətinin su siyasətini, çoxsaylı bəndlərin tikilməsini, suyun başqa bölgələrə yönəldilməsini və su ehtiyatlarının yanlış idarə olunmasını göldəki böhranın əsas səbəbləri kimi göstərirlər. Urmu gölünün müdafiəsi üçün keçirilən etiraz aksiyalarının bir çoxu isə təhlükəsizlik qüvvələrinin müdaxiləsi, fəalların saxlanılması və təzyiqlərlə müşayiət olunub.