2026-cı ilin 26 may tarixində “Türkçü Düşüncə Birliyi”nin təşkilatçılığı ilə Bakıdakı Xəzər Universitetində “VI Türkçülük Araşdırmaları: Milli simvollar və dəyərlər” adlı elmi konfrans keçirilib.
Konfransda Türkiyə, Quzey və Güney Azərbaycandan olan tədqiqatçılar və fəallar çıxış ediblər. Simpoziumun açılış və ilk panel hissəsində konseptual yanaşmalı 4 məruzə təqdim olunub və geniş elmi müzakirələr aparılıb. Eyni zamanda, milli simvolların mövcud vəziyyəti ilə bağlı alimlərin konseptual baxışları və elmi təklifləri dinlənilib, gələcəklə bağlı fikirlər bölüşülüb.
Tədbirdə bütün türk dünyasını, xüsusilə də Güney Azərbaycanı maraqlandıran məsələlər — millət quruculuğu prosesi, onomastika və yazı siyasəti, milli və rəsmi təqvimlər, mədəniyyət və sənətdə simvollar, Güney Azərbaycana qarşı tarixi və mədəni saxtalaşdırmaların ifşası, toponimlərin təhrif olunması, ədəbi və tarixi saxtakarlıqlar, dini mətnlərdən siyasi vasitə kimi istifadə mövzuları müzakirə edilib.
Konfransın elmi çıxışlarından biri Güney Azərbaycan milli hərəkatının tanınmış media və ədəbiyyat fəallarından Həbib Sasanian (Yakamoz) tərəfindən təqdim olunub. O, “İran hakimiyyətinin son yüz ildə türk milli simvollarını sistemli şəkildə məhv etməsi” adlı çıxışında elmi sənədlərə əsaslanaraq mədəni irs və milli simvolların məhv edilmə siyasətini təhlil edib, bölgənin hazırkı mədəni və siyasi vəziyyəti barədə iştirakçılara məlumat verib.