ABŞ Mərkəzi Komandanlığı açıqlayıb ki, İran rejimi mayın 27-si ABŞ-ın şərq vaxtı ilə saat 22:17-də Küveytə doğru bir ballistik raket buraxıb və raket Küveyt qüvvələri tərəfindən havada məhv edilib.
ArazNews-un məlumatına görə, CENTCOM bu addımı “atəşkəsin açıq şəkildə pozulması” adlandırıb və bildirib ki, hücum İran qüvvələrinin Hörmüz boğazı yaxınlığında beş kamikadze PUA-sını havaya qaldırmasından cəmi bir neçə saat sonra baş verib.
CENTCOM-un bəyanatına əsasən, bu PUA-ların hamısı ABŞ qüvvələri tərəfindən vurulub. Həmçinin ABŞ Bəndər-Abbasdakı yerüstü idarəetmə məntəqəsindən altıncı PUA-nın buraxılmasının qarşısını aldığını açıqlayıb.
CENTCOM vurğulayıb ki, ABŞ qüvvələri və regional müttəfiqlər tam hazırlıq vəziyyətində qalacaq və “İranın əsassız təcavüzlərinə” qarşı öz qüvvə və maraqlarını müdafiə etməyə davam edəcək.