BƏƏ prezidentinin müşaviri Ənvər Qarqaş xəbərdarlıq edib ki, İran rejiminin Hörmüz boğazına nəzarət cəhdləri təhlükəli presedent yarada və bunun nəticələri Yaxın Şərqdən kənara çıxaraq Avropa və qlobal enerji bazarına da təsir göstərə bilər.
ArazNews-un məlumatına görə, Qarqaş Praqada keçirilən GLOBSEC təhlükəsizlik forumunda bildirib ki, avropalılar Hörmüz məsələsini uzaq problem kimi görməməlidir, çünki onların enerji təhlükəsizliyi və ticarəti birbaşa bu su yolundan asılıdır.
O, ABŞ ilə İran rejimi arasında Hörmüzün tam açılmasına gətirib çıxaracaq razılaşma ehtimalını “əlli-əlliyə” qiymətləndirib və iddia edib ki, Tehran keçmişdə öz imkanlarını dəfələrlə olduğundan artıq qiymətləndirib.
Qarqaş əlavə edib ki, İranın nüvə proqramı hazırda Əbu-Dabinin ən böyük təhlükəsizlik narahatlığına çevrilib və Tehran regionda təzyiqi artırmaq üçün əlindəki vasitələrdən istifadə edə biləcəyini göstərib.