Mesud Pezeşkian: Müharibənin davam etməsinə marağımız yoxdur

1 saat əvvəl 1 dəq oxu
Mesud Pezeşkian: Müharibənin davam etməsinə marağımız yoxdur


İran prezidenti Mesud Pezeşkian Hindistanın baş naziri Narendra Modi ilə telefon danışığında bildirib ki, İran müharibəni başlamayıb və onun davam etməsinə maraqlı deyil, lakin “qanuni müdafiə hüququ” çərçivəsində region ölkələrində yerləşən və hücumun mənbəyi olduğunu dediyi ABŞ bazalarını hədəf alıb.

ArazNews-un məlumatına görə, İran prezidentliyinin rəsmi Telegram kanalında yayılan bəyanatda Pezeşkian bu telefon danışığında Hindistanın beynəlxalq arenadakı mövqelərinə görə təşəkkür edib və ABŞ ilə İsrailin İrana hücumunu “beynəlxalq qaydalara zidd təcavüz” adlandırıb. O həmçinin iddia edib ki, bu hücumlar nəticəsində İranın ali lideri, bir sıra hərbi komandirlər və Minab şəhərində 168 şagird həlak olub.


Pezeşkian İsraili “günahsız insanları terror etməkdə” ittiham edib və bildirib ki, İran regionu qeyri-sabitləşdirmək istəmir. O, eyni zamanda Hindistanla və BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlara üzv ölkələrlə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb və bu təşkilatların regionda sabitliyin qorunmasında daha fəal rol oynamasını istəyib.


Bu açıqlama İran rejiminin yeni lideri olduğu bildirilən Müctəba Xameneiyə aid bəyanatın yayıldığı günə təsadüf edir. Həmin bəyanatda müharibənin “intiqam alınana qədər” davam edəcəyi vurğulanıb.


Pezeşkian bundan əvvəl də bəzi qonşu ölkələrdən hücumlara görə üzr istəməsi ilə diqqət çəkmişdi. Bu mövqe isə Sepah Pasdaran və ona yaxın media orqanları tərəfindən sərt tənqid olunmuşdu.