Müharibə şəraitində İran həbsxanalarında məhbusların əsas ehtiyaclarında ciddi problemlər

2 saat əvvəl 2 dəq oxu
 Müharibə şəraitində İran həbsxanalarında məhbusların əsas ehtiyaclarında ciddi problemlər


İranda müharibə şəraiti fonunda yayılan məlumatlar ölkə həbsxanalarında saxlanılan məhbusların vəziyyətinin ağırlaşdığını göstərir. Bildirilir ki, içməli su çatışmazlığı, qida keyfiyyətinin azalması, həbsxana mağazalarının fəaliyyətinin məhdudlaşdırılması, dərman qıtlığı və tibbi xidmətlərin zəifləməsi məhbusları ciddi çətinliklərlə üz-üzə qoyub.


ArazNews-un məlumatına görə, insan haqları qurumu HRANA bu barədə yaydığı hesabatda Tehran Böyük həbsxanası, Evin, Məşhədin Vəkilabad həbsxanası, Urmiya,

Xorin, Qızılhisar, Xürrəmabad və Kirmanşah həbsxanalarındakı vəziyyət barədə məlumat verib və problemlərin bu müəssisələrin əksəriyyətində oxşar olduğunu bildirib.

Hesabatda qeyd olunur ki, bir çox həbsxanalarda istifadə olunan su quyulardan təmin edilir və məhbusların sözlərinə görə bu su içmək üçün uyğun deyil. Mineral su təminatı isə həbsxanalara daxil olan məhsulların azalması və qiymətlərin artması səbəbindən daha da çətinləşib.


Eyni zamanda məhbusların telefon əlaqələri və ailə üzvləri ilə görüş imkanlarının məhdudlaşdırıldığı barədə məlumatlar yayılıb.


Tehrandakı Evin həbsxanası ilə bağlı yayılan məlumatlarda isə bildirilir ki, həbsxana rəhbərliyində ciddi idarəetmə problemi yaranıb və bəzi hallarda əməkdaşlar qapıları bağlayaraq bölmələri boşaldıblar. Bu vəziyyət məhbusların həbsxana mağazasına və gündəlik ehtiyaclarına çıxışını çətinləşdirib. Hətta bəzi bölmələrdə, o cümlədən Evinin qadınlar bölməsində və 7-ci bölməsində yemək paylanmasının dayandırıldığı və məhbuslara yalnız məhdud miqdarda çörək verildiyi bildirilir.


Müharibənin başlamasından əvvəlki həftə və aylarda məhbus ailələri, vəkillər və insan haqları fəalları dəfələrlə məhbusların həyatının təhlükədə olduğunu bildirərək onların azadlığa buraxılmasını və ya ən azı müvəqqəti məzuniyyət verilməsini tələb etmişdilər.