Müctəba Xameneinin ilk bəyanatı yayıldı: Hörmüz boğazını bağlama və “intiqam” təhdidi
Müctəba Xameneinin İran İslam Respublikasının lideri elan edilməsindən dörd gün sonra ona aid olduğu bildirilən ilk yazılı mesaj İranın dövlət mediasında yayımlanıb. Mesaj foto və ya video olmadan dərc olunub və onun vəziyyəti ilə bağlı hələ də yeni görüntü yayımlanmayıb.
ArazNews-un məlumatına görə, Xameneinin ofisi tərəfindən yayıldığı bildirilən bu mesajda Hörmüz boğazının bağlanması istiqamətində səylərin davam etdirilməsinə çağırış edilib və “digər cəbhələrin” də düşmənə qarşı açıq ola biləcəyi vurğulanıb. Bəyanatda həmçinin İranın “Seyid Əli Xameneinin və digər şəhidlərin qanının intiqamından” geri çəkilməyəcəyi bildirilib.
Bəyanatda iddia olunur ki, Müctəba Xamenei özünün lider seçilməsi qərarından Ekspertlər Məclisinin qərarını televiziya vasitəsilə öyrənib. Halbuki bu seçimin elan edilməsindən əvvəl bəzi mümkün namizədlərin bu vəzifəni qəbul etməkdən imtina etdiklərinə dair məlumatlar yayılmışdı. Martın 18-də onun lider elan edilməsindən bəri yeni foto və ya video yayımlanmayıb və İranın dövlət mediası da ABŞ və İsrail hücumları zamanı onun yaralandığını təsdiqləyib.
Müctəba Xamenei bəyanatın başqa bir hissəsində deyib: “Biz hər halda düşməndən təzminat alacağıq. Əgər imtina etsə, uyğun bildiyimiz qədər onun əmlakından götürəcəyik və bu mümkün olmasa, həmin qədər əmlakını məhv edəcəyik.”