Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası – GATƏŞ-in son hadisələr və xalq etirazları ilə bağlı bəyanatı
Azərbaycan Türk Milləti və İranda zülm altındakı millətlərin diqqətinə
İran elə bir mərhələdən keçir ki, iqtisadi, siyasi, sosial və ekoloji sahələrdə dərin və genişmiqyaslı böhranların nəticəsində ölkənin idarəçilik strukturları faktiki olaraq dağılma həddinə gəlib çatmışdır. Bu ağır durum, illərlə davam edən talançı diktatura rejiminin, ayrı-seçkiliyə və istismara əsaslanan sistemin, azadlıqların sistematik şəkildə boğulmasının və xalqın əsas hüquqlarının tapdanmasının nəticəsidir. Bu gün bu durum, hakimiyyət böhranı və siyasi legitimliyin aşınması şəklində özünü göstərir və ölkənin müxtəlif bölgələrində baş verən xalq etirazları, İslam Respublikası hakimiyyətinin yaratdığı yoxsulluq, ədalətsizlik və fəsadlara qarşı cəmiyyətin təbii və haqlı fəryadıdır.
Bu şəraitdə Azərbaycan — və ümumən Türk milləti — İranda zülm altındakı millətlərdən biri olaraq faşizm və müstəmləkəçilik cəbhəsinin hərtərəfli hücumlarına məruz qalmaqdadır.
Azərbaycan Türkünün mədəni, ictimai, iqtisadi, siyasi, insan və təbii resursları həm İslam Respublikası rejimi, həm də rejimdənkənar faşist qüvvələr tərəfindən planlı şəkildə hədəfə alınmışdır. Durum o həddə çatmışdır ki, Azərbaycan üçün həyat-ölüm məsələsi olan Urmu Gölünün ekoloji faciəsi — İran rejiminin məsuliyyətsizliyinin və bacarıqsızlığının simvoluna çevrilərək — artıq başqa ölkələrin dərsliklərinə ibrət nümunəsi kimi salınmışdır.
Eyni zamanda, Azərbaycanlı siyasi və vətəndaş fəallarına qarşı ədalətsizlik təhlükəli şəkildə genişlənmişdir. Onlarla Azərbaycanlı fəal əsassız ittihamlarla və ədalətli məhkəmə prosesi olmadan uzunmüddətli həbs cəzalarına məhkum edilmiş, bir çoxu öz səslərini azad dünyaya çatdırmaq və fars mediasının tətbiq etdiyi informasiya blokadasını yarmaq üçün aclıq aksiyasına və ağır təzyiqlərə məruz qalmağa məcbur qalmışdır. Son nümunədə isə 13 Azərbaycanlı fəal ümumilikdə 89 il həbsə məhkum edilmişdir — bu zalım və ədalətsiz hökm, İran rejiminin məhkəmə aparatının repressiv və antihuman mahiyyətini açıq şəkildə göstərir.
Digər tərəfdən, stadionlarda Azərbaycan Türklərinnə qarşı məqsədli və təşkilatlanmış təhqirlər davam edir; təhqiramiz davranışlar cəzalandırılmalı olduğu halda, əksinə, Azərbaycanın “Traxtor” komandasının azarkeşləri təhlükəsizlik təzyiqlərinə, qadağalara və cərimələrə məruz qalırlar. Bu siyasət açıq-aydın Azərbaycan Türk cəmiyyətinə qarşı ayrı-seçkilik və ədalətsizliyin göstəricisidir və əlbəttə bunlar yalnız buzdağının görünən tərəfidir.
Məhz bu durumun nəticəsi olaraq Azərbaycan Türkləri son illərdə milli şüarlarla öz mövqeyini açıq şəkildə bəyan etmişdir:
“Azərbaycan öz yolunu tapıbdır, vilayəti-səltənəti atıbdır” və “Nə şahçıyam, nə şeyxçi — millətçiyəm, millətçi!”
Bu şüarlar vasitəsilə Azərbaycan xalqı diktaturanın, faşizmin, müstəmləkəçiliyin və siyasi-ideoloji fanatizmin hər formasından uzaq durduğunu açıq şəkildə göstərmişdir. Azərbaycan son vaxtlar da aydın şüarlarla açıq şəkildə bəyan etmişdir ki, Pəhləvi dövrünün qaranlıq və gerici rejiminə dönüş mümkün və qəbulolunan deyil. Xüsusilə vurğulayırıq ki, tarixi zərurətin tələbi olaraq Azərbaycan xalqının strateji şüarı son illərdə də, bu gün də dəyişməz olaraq:
«Azadlıq, ədalət, milli hökumət»
olmuş və olaraq qalır.
Bu gün də ölkənin müxtəlif bölgələrində iqtisadi və siyasi böhranlara qarşı baş verən xalq etirazları — İslam Respublikası rejiminin onilliklər boyu həyata keçirdiyi zülm, zorakılıq və cinayətlərə qarşı təbii və haqlı reaksiya olaraq meydana çıxmışdır. Təəssüf ki, bəzi siyasi çevrələr bu etirazları gerici və faşist yönümlü şüarlar vasitəsilə həqiqi və ədalətli tələblərdən yayındırmağa cəhd göstərirlər. Bu isə qəti şəkildə yolverilməzdir və diktaturanın yenidən dirçəldilməsinə yönəlmiş tarixi bir geriləmədir.
Güney Azərbaycan Təşkilatları Əməkdaşlıq Şurası —GATƏŞ - Azərbaycan Türklərinin birlik, bərabərlik və dayanışma günü olan “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə — xalqların haqlı və insani tələblərini dəstəklədiyini, etiraz edən xalqlarla həmrəy olduğunu bəyan edir, xalqın dinc mübarizə və etiraz hüququnu müdafiə edir və əmindir ki, Azərbaycan gəncliyi və Azərbaycan Türkləri bu etirazların faşist, müstəmləkəçi və gerici çevrələr tərəfindən mənimsənilməsinə və ya səhv istiqamətə yönəldilməsinə imkan verməyəcəklər.
Şübhəsiz ki, digər milli şüarlarımızla yanaşı, Azərbaycan Türklərini əsas və strateji şüarı hər zamanki kimi belə olacaqdır:
«Azadlıq, ədalət, milli hökumət»
“Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurası - GATƏŞ”
Azərbaycan Demokrat Firqəsi – ADF
Azərbaycan Mərkəz Partiyası – AMP
Azərbaycan Milli Dirəniş Təşkilatı – Dirəniş
Azərbaycan Öyrənci Hərəkatı – AZOH
Güney Azərbaycan Demokrat Partiyası – GADP
Güney Azərbaycan İstiqlal Partiyası – GAİP
Güney Azərbaycan Milli Dövlət Alyansı– MDA
Güney Azərbaycan Qurtuluş Partiyası – GAQP
31/12/2025