İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Həsən Qaşqavi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) İranın zərər görmüş nüvə obyektlərini yoxlamaq tələbinin hüquqi əsası olmadığını bildirib. O, Tehranın yeddi şərti yerinə yetirilənədək ABŞ ilə danışıqları irəli aparmağa hazır olmayacağını açıqlayıb.
Qaşqavi «Mizan» xəbər agentliyinə müsahibəsində iddia edib ki, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə (NPT) çərçivəsində bağlanan hərtərəfli təminatlar sazişi hərbi hücumlara məruz qalmış obyektlərin yoxlanılması üçün konkret mexanizm müəyyən etməyib. Onun sözlərinə görə, Agentliyin bu obyektlərə giriş tələbi beynəlxalq hüquqa ziddir. Qaşqavi əlavə edib: «Yoxlama aparmaq istəyirlər, amma bunu hansı beynəlxalq mexanizm, düstur və modallıq əsasında etmək istədikləri soruşulanda heç bir cavabları olmur.»
Deputat həmçinin Agentliyi ziddiyyətli mövqe tutmaqda ittiham edib. O iddia edib ki, Qərb ölkələri İranın nüvə obyektlərinə hərbi hücumlar zamanı əldə edə bilmədikləri məlumatları diplomatik təzyiq yolu ilə ələ keçirməyə çalışırlar. Qaşqavi çıxışının digər hissəsində Vaşinqtonla danışıqlara toxunub. O vurğulayıb ki, İslam Respublikasının yeddi şərti hər hansı razılaşmanın əsası olaraq qalır və danışıqların davam etməsi ABŞ-ın bu şərtləri qəbul etməsindən asılıdır. Onun sözlərinə görə, bu şərtlər ilk dəfə İslamabad görüşündə irəli sürülüb.
İran indiyədək MAQATE-yə Kolang dağındakı yeraltı obyektlərin yoxlanılmasına və ya onlara girişə heç bir icazə verməyib. Bu obyektlər hücumların hədəfinə çevrilməyib.