çərşənbə, 18 noyabr 2026
Dünya

Qara dənizdə dron hücumu: 3400 ton propan daşıyan gəmi Bolqarıstan sahillərinə yaxın aşıb

Qara dənizdə dron hücumu: 3400 ton propan daşıyan gəmi Bolqarıstan sahillərinə yaxın aşıb

Təxminən 3400 ton propan daşıyan «Gas Husky» qazdaşıyan gəmisi Qara dənizdə, Bolqarıstan sahillərinə yaxın ərazidə dron hücumuna məruz qalıb və aşıb. Gəmi Misirdən Rumıniyaya doğru hərəkət edirdi. Hücumun Rusiya dronları tərəfindən həyata keçirildiyi bildirilir.

«Vanguard Tech» dəniz təhlükəsizliyi şirkəti açıqlayıb ki, Liberiya bayrağı altında üzən gəmi Varna limanından təxminən 100 kilometr məsafədə, Bolqarıstanın müstəsna iqtisadi zonasında dronlar tərəfindən vurulub. Gəminin kapitanının sözlərinə görə, gəmiyə ehtimal ki, dörd dron dəyib. Hamısı Filippin vətəndaşı olan 19 nəfərlik heyətin bütün üzvləri xilas edilib.

Bəzi beynəlxalq xəbər agentlikləri əvvəlcə gəminin batdığını xəbər vermişdi. Bolqarıstan rəsmiləri isə sonradan aydınlaşdırıb ki, «Gas Husky» aşsa da, batmayıb və hələ də su üzərində qalır.

Bu xəbəri paylaşın