Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov ABŞ-a səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı nazirinin birinci müavini Stiven Veydenlə görüşüb. Veyden bildirib ki, Azərbaycanın hazırladığı anlaşma memorandumunun layihəsi ABŞ tərəfinə təqdim olunub və hazırda tərəflər bu sənəd üzrə danışıqlar aparırlar.
Amerikalı nazir müavininin sözlərinə görə, Vaşinqton bu memorandum çərçivəsində biotexnologiya və heyvandarlıqda cins yaxşılaşdırılması sahələrində əməkdaşlığa maraq göstərir. Tərəflər həmçinin kənd təsərrüfatı məhsulları üzrə ticarətin artırılmasını da müzakirə ediblər.
Məmmədov ABŞ Kənd Təsərrüfatı Nazirliyinin tədqiqat qurumları ilə birgə elmi-tədqiqat layihələrinin və sınaqların əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycanın kənd təsərrüfatı üzrə elmi-tədqiqat institutlarının modernləşdirildiyini bildirib.
Azərbaycanlı nazir işğaldan azad olunmuş ərazilərdə rəqəmsal və iqlim dəyişikliklərinə uyğunlaşan kənd təsərrüfatının inkişafından da söz açıb. Onun sözlərinə görə, ABŞ-ın elmi-tədqiqat təcrübəsi Qarabağ və Şərqi Zəngəzurda standartlara cavab verən kənd təsərrüfatı istehsalı modelinin yaradılmasına töhfə verə bilər.