İranda nüvə silahlarının yayılması təhlükəsi Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) ciddi narahat edir. Qurum noyabrın 13-də, cümə günü məzmunu yayılan məxfi rüblük hesabatında İslam Respublikasının nüvə materiallarının qeyri-dinc məqsədlərə yönəldilmədiyinə zəmanət verə bilmədiyini açıq şəkildə bildirib.
2025-ci ilin iyununda baş verən hücumlardan bəri İslam Respublikası Buşehr AES-dən başqa obyektlərin və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyəti barədə Agentliyə heç bir məlumat təqdim etməyib, müfəttişlər də bu obyektlərə daxil ola bilməyiblər. Agentlik hətta İsfahandakı zənginləşdirmə obyektinin harada yerləşdiyini dəqiq bilmir. Tehran bu obyekt barədə 2025-ci ilin iyununda məlumat versə də, onun layihə məlumatlarını təqdim etməkdən və orada yoxlama aparılmasına icazə verməkdən imtina edib.
Agentliyin baş direktoru Rafael Qrossi İslam Respublikasının təminatlarla bağlı məsələlərdə əməkdaşlıqdan yayınmağa davam etməsini tənqid edib və yoxlama fəaliyyətinin dərhal bərpa olunmasını tələb edib.