Frankfurt yaxınlığında yerləşən və Müctəba Xameneyinin maliyyə şəbəkəsinə aid edilən aktivlərdən biri olan keçmiş lüks "Hilton" oteli bağlandıqdan və iflasa uğradıqdan sonra yeni sahibə keçib. İflas işi üzrə ləğvetmə müdiri Yoahim Küne otelin sahibi olan şirkətin Britaniyanın "Comer Group" investisiya şirkətinə verildiyini təsdiqləyib, lakin sövdələşmənin məbləğini açıqlamayıb.
İranlı iş adamı və otelin keçmiş sahibi Əli Ənsari mediada Müctəba Xameneyinin paravan fiquru kimi təqdim olunur. O, İslam Respublikasının rəhbəri ilə əlaqəsini təkzib edir. Lakin Avropa İttifaqı və ABŞ-ın sanksiyaları Avropa və Amerika şirkətlərinin onunla hər hansı əməkdaşlığını qadağan edib.
Məhz bu sanksiyalar otelin fəaliyyətini və mülkiyyətin başqasına keçməsini əngəlləmişdi. 2024-cü ildən otelin idarəçiliyini həyata keçirən "Hilton" qrupu da sanksiyalar tətbiq edildikdən sonra sahiblə müqaviləsini ləğv edib.