Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bazar ertəsi günü ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşmək üçün Vaşinqtona gəlib. Səfər Ər-Riyad ilə Yəməndəki husilər arasında gərginliyin artdığı dövrə təsadüf edir.
"Reuters"in məlumatına görə, Səudiyyənin rəsmi xəbər agentliyi tərəflərin ikitərəfli münasibətləri, həmçinin ən mühüm regional və beynəlxalq hadisələri müzakirə edəcəyini açıqlayıb.
"Reuters" daha əvvəl məlumatlı mənbələrə istinadən xəbər vermişdi ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu ay husilərə qarşı ABŞ-dan hərbi yardım istəyib, lakin Vaşinqton birbaşa hücumlar həyata keçirməyə razılıq verməyib, əvəzində kəşfiyyat məlumatları və hədəfləmə dəstəyi verməyi qəbul edib.