İraqda İslam Respublikasının müttəfiqlərindən olan «Hərəkat ən-Nüceba» silahlı qruplaşmasının baş katibi Əkrəm əl-Kəbi İraq ilə İran arasında uçuşlar bərpa olunmasa, qruplaşmanın tərəfdarlarını İraq hava limanlarında oturaq aksiyaya çağıracağı ilə hədələyib. O, bu təhdidi həyata keçirmək üçün «çox gözləməyəcəklərini» deyib.
Əl-Kəbi uçuşların dayandırılmasını ABŞ-ın təzyiqi ilə əlaqələndirib və İraqın siyasi qüvvələrini buna qarşı durmağa çağırıb. Bu mövqe Bağdad, Nəcəf, Ərbil və Süleymaniyyə hava limanlarında İranla bağlı uçuşların dayandırılmasından sonra ortaya çıxıb.
Nəcəf hava limanının rəsmiləri uçuşların cümə günü səhərdən etibarən növbəti bildirişə qədər dayandırıldığını açıqlayıb. Məhdudiyyətlər ABŞ-ın İran aviaşirkətlərinə qarşı sanksiyalarını sərtləşdirməsi və hava limanı xidmətləri göstərən şirkətlərin onlarla əməkdaşlığın nəticələrindən narahatlığı fonunda tətbiq edilib.