İsfahanda dekabr ayı etirazları zamanı həbs edilənlərdən olan Əlirza Sepahi edam hökmünün icrası üçün Dəstgerd həbsxanasının təkadamlıq kamerasına köçürülüb. Bu barədə "İran İnternəşnl" xəbər verib.
Sepahi "Əlixani" adlanan işin müttəhimlərindəndir. O, iyulun 28-də, digər iki məhbusun edamı ilə eyni vaxtda - onlardan biri onun əmisi oğlu Əbülfəzl Sepahi idi - infarkt keçirib və Əlzəhra xəstəxanasına aparılıb. Müalicədən sonra yenidən həbsxanaya qaytarılıb.
Onun işi bundan sonra Ali Məhkəməyə göndərilmişdi, lakin indi hökmün icrası üçün təkadamlıq kameraya köçürülüb.
Ali Məhkəmə iyul ayında Əlixani meydanı işi üzrə 12 müttəhimin edam hökmünü təsdiqləyib. Bu işdə həbs edilənlərdən indiyədək beş nəfər edam olunub, daha yeddi nəfər isə hökmün icrası təhlükəsi ilə üz-üzədir.