Araz Newsa daxil olan məlumatlara görə, Azərbaycan Milli Hərəkatının «Demokratlar» adlanan işi üzrə 13 fəal cəmi 85 ildən artıq həbs cəzasına məhkum edilib.
Bu işin məhkumları arasında keçən il başqa bir işlə əlaqədar həbs olunaraq zindana göndərilən Yuruş Mehrəlibəyli və Əli Babayi də var.
Hökmlərin icrası prosesi davam etdirilərək bir müddət əvvəl bu işin 11 nəfər digər məhkumuna — Davud Şiri, Hamid Yeganəpur, Araz İbrahimnejad, Cavad Sudbər, Mürtəza Nurməhəmmədi, İbrahim Əvəzzadə, Hüseyn Azadi, Əmirhüseyn Ağayi, Nasir Rəzmcu, Mehrdad Qadiri və Məhəmmədrza Müvəhhəd — Təbrizin Cinayət Hökmlərinin İcrası üzrə 11-ci şöbəsi tərəfindən hökmün icrası üçün müraciət barədə bildirişlər göndərilib.
Həmçinin daxil olan məlumatlara görə, bu məhkumlardan bəzilərinin zaminlərinə də son zamanlar bildirişlər göndərilib. Bu şəxslərin yaxınları bildirişlərin göndərilməsinin məhkumların ailələri və zaminləri üzərindəki təzyiqi artırdığını düşünürlər.
Bununla əlaqədar, Məhəmmədrza Müvəhhədin hökmü icra olunub və o, cəzasını çəkmək üçün zindana göndərilib.
Hamid Yeganəpurun sağlamlıq vəziyyəti ilə bağlı narahatlıq;
Bu arada, bu işin digər məhkumlarından biri olan Hamid Yeganəpurun sağlamlıq vəziyyəti onun ailəsi və yaxınları arasında narahatlıq yaradıb.
Yeganəpurun ürək xəstəliyi keçmişi var və əvvəllər açıq ürək əməliyyatı keçirib. Mövcud məlumatlara görə, o, 2023-cü ildə həbs və dindirilmə zamanı Şərqi Azərbaycan Kəşfiyyat İdarəsinin tutma mərkəzində təxminən bir ay tək kamerada saxlanılarkən sağlamlıq vəziyyəti pisləşib və nəticədə iki dəfə xəstəxanaya köçürülərək müalicəyə alınıb.
Həmçinin mövcud sənədlərə və mütəxəssis həkimlərin rəyinə əsasən, ürək vəziyyəti və keçirdiyi açıq ürək əməliyyatı nəzərə alınaraq onun yenidən cərrahiyyə əməliyyatına ehtiyacı olduğu bildirilib.
Hazırda Yeganəpurun tibbi sənədləri Cinayət Mühakimə Prosesi Qanununun 502-ci maddəsi əsasında adli-tibb qurumunda araşdırılır ki, onun həbsə davam gətirmək imkanı və cəzanın icra qaydası qiymətləndirilsin.
İş adli-tibbi araşdırma prosesində olsa da, daxil olan məlumatlara görə, Yeganəpur hələ də hökmün icrası üçün özünü təqdim etməyə dair təzyiq altındadır. Onun yaxınları hesab edirlər ki, sağlamlıq vəziyyəti, keçirdiyi ürək əməliyyatı və mütəxəssis həkimlərin yenidən əməliyyata ehtiyac olduğuna dair rəyi nəzərə alınaraq, hökmün icrası istiqamətində hər hansı addım atılmazdan əvvəl onun tibbi vəziyyəti tam araşdırılmalı və barəsində qərar qəbul edilməlidir.