Hutilərin nəzarətində olan dəniz əlaqələndirmə qurumu şənbə günü ticarət gəmilərinin Bab əl-Məndəb boğazından keçişinə görə rüsum almaq niyyətində olduqları iddialarını təkzib edərək, belə bir qərarın qəbul edilmədiyini və bu su yolundan keçidin hələ də pulsuz olduğunu bildirib.
Əl-Cəzirə telekanalının məlumatına görə, hutilərə bağlı "Humanitar Əməliyyatların Əlaqələndirmə Mərkəzi" yaydığı açıqlamada bildirib ki, bu qurumun təhlükəsiz keçid xidməti könüllü xarakter daşıyır və heç bir ödəniş tələb etmir. Açıqlamada vurğulanıb ki, Bab əl-Məndəbdən keçid müqabilində pul tələb edən hər hansı şəxs və ya qurum Yəməni və ya bu mərkəzi heç bir formada təmsil etmir, gəmiçilik şirkətlərindən isə səlahiyyəti olmayan şəxslərə pul ödəməmələri və onlara məlumat verməmələri istənilib.
Bu təkzib Reutersin çərşənbə günü yaydığı, regional mənbələrə istinadən hazırlanmış hesabatdan sonra açıqlanıb. Həmin hesabatda bildirilmişdi ki, hutilər Səudiyyə Ərəbistanının dəniz mühasirəsi elan etməsindən bir həftə sonra, Qırmızı dənizin cənubundan keçən gəmilərdən rüsum alınmasını araşdırırlar. Hesabata əsasən, bu təklif hutilərin nümayəndələrinin iyul ayında Tehrana səfəri zamanı İran rəsmiləri ilə müzakirə olunub.