ArazNews
Ana Səhifə / İran / Eyni sima, eyni repressiya siyasəti; Əjei yenidən məhkəmə hakimiyyətinin rəisi oldu
İran

Eyni sima, eyni repressiya siyasəti; Əjei yenidən məhkəmə hakimiyyətinin rəisi oldu

Eyni sima, eyni repressiya siyasəti; Əjei yenidən məhkəmə hakimiyyətinin rəisi oldu

Mojtəba Xameneyi fərman verərək Ğolamhüseyn Mohsəni Əjeini İslam Respublikasının məhkəmə hakimiyyətinin rəisi vəzifəsinə növbəti bir müddətə təyin edib. Yayımlanan fərmanda Əjeinin fəaliyyəti yüksək qiymətləndirilib və məhkəmə sisteminin siyasətlərinin davam etdirilməsinə vurğu edilib.

Fars xəbər agentliyinə istinadən; daha əvvəl kəşfiyyat naziri, baş prokuror və məhkəmə hakimiyyətinin birinci müavini vəzifələrini tutmuş Mohsəni Əjei illərdir İslam Respublikasının təhlükəsizlik və məhkəmə qurumlarının əsas simalarından biri sayılır. O, insan hüquqlarının pozulmasında və müxaliflərin repressiyasında oynadığı rol səbəbindən ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalar altına alınıb.

Keçən illərdə insan hüquqları təşkilatları dəfələrlə Əjeinin rəhbərliyi altındakı məhkəmə sistemini qeyri-ədalətli məhkəmə proseslərindən sonra edam hökmləri çıxarmaqda, etirazçıları, vətəndaş fəallarını, jurnalistləri, müxalifləri, habelə türklər, kürdlər, bəluclar və ərəblər də daxil olmaqla qeyri-fars millətlərinin fəallarını repressiya etməkdə ittiham edib. Beynəlxalq Əfv Təşkilatı da İslam Respublikasını müxalifləri qorxutmaq və onların səsini kəsmək üçün edam cəzasından istifadə etməkdə ittiham edib.

Mohsəni Əjeinin vəzifədə saxlanılması elə bir şəraitdə baş verir ki, İslam Respublikası insan hüquqları vəziyyəti, edamların sayının artması və tənqidçilər ilə müxaliflərlə aparılan məhkəmə və təhlükəsizlik əməliyyatlarının davam etməsi ilə bağlı geniş beynəlxalq tənqidlərlə hələ də üzləşməkdədir.