"New York Times" dörd məlumatlı İran məmuruna istinadən xəbər verib ki, İran prezidenti Məsud Pəzəşkiyan ABŞ ilə razılaşma barədə qərar qəbulunun son mərhələlərində İslam Respublikasının rəhbəri Müctəba Xaməneyini xəbərdar edib ki, danışıqlara və razılaşmaya razılıq verilməzsə, vəzifəsindən istefa edəcək.
Hesabata görə, Pəzəşkiyan Xaməneyilə görüşündə bəyan edib ki, ABŞ-ın dəniz blokadası İranın iqtisadiyyatını çöküş həddinə gətirib və bu vəziyyətin davam etməsi ölkəni misli görünməmiş böhranla üzləşdirə bilər. O həmçinin vurğulayıb ki, hökumət artıq şəraiti keçmişdəki üsullarla idarə etmək gücündə deyil.
"New York Times" həmçinin yazıb ki, İran Mərkəzi Bankının sədri Əbdülnasir Həmmətı İslam Respublikasının rəhbərinə ünvanladığı mesajda xəbərdar edib ki, blokada davam edərsə, ölkənin ərzaq və dərman ehtiyatları avqust ayının sonuna qədər tükənə bilər. Qəzetin yazdığına görə, bu iqtisadi xəbərdarlıqların cəmi Pəzəşkiyanın siyasi təzyiqi ilə birlikdə son nəticədə Xaməneyini ABŞ ilə danışıqları qəbul etməyə inandırdı.
Bundan əvvəl Müctəba Xaməneyi yazılı mesajında razılaşma barədə "başqa bir fikrinin" olduğunu bəyan etmişdi, lakin prezident Ali Milli Təhlükəsizlik Şurasının sədri kimi özü və digər üzvlər adından həmin qərarın məsuliyyətini üzərinə götürdükdən sonra onun icrasına icazə vermişdi.