Reuters-ə görə, Brent neftinin qiyməti 0.38 faiz artaraq hər barrel üçün 78.15 dollara, ABŞ-ın Qərbi Texas markalı nefti isə 0.46 faiz artımla 74.19 dollara çatıb.
Qiymətlər bazar ertəsi ABŞ-ın İran neftinin satışına 60 günlük güzəşt verməsi və Livandakı gərginliyin azalması fonunda 3 faizdən çox düşmüşdü.
Bununla belə, bazarlar Tehranla Vaşinqton arasındakı razılaşmanın davamlılığı və Hörmüz boğazından neft axınının tam bərpası ilə bağlı ehtiyatlı mövqeyini qoruyur. Analitiklər bildirib ki, tərəflər arasındakı dərin etimadsızlıq qiymətlərin müharibədən əvvəlki səviyyəyə sürətlə qayıtmasının qarşısını alır.
Gəmi izləmə məlumatlarına əsasən, bazar ertəsi günü iki neft tankeri Hörmüz boğazından keçib; həmin gəmilər ümumilikdə təxminən iki milyon barrel neft daşıyırdı. Bu, strateji su yolunda tranzit hərəkətliliyinin tədricən artdığını göstərən bir işarə kimi qiymətləndirilir.
Eyni zamanda Donald Tramp bir daha xəbərdarlıq edərək bildirib ki, İslam Respublikası öz öhdəliklərini yerinə yetirməzsə, Vaşinqton lazımi tədbirləri görəcək.