ABŞ və İran İslam Respublikası arasında ilkin razılaşma mətni yekunlaşdırılıb və tərəflər sanksiyaların azaldılması, Hörmüz boğazının açılması və atəşkəsin uzadılmasını nəzərdə tutan sənədin imzalanması ərəfəsindədir.
Araz News-un Axios-a istinadən verdiyi məlumata görə, Donald Trampın yaxın zamanda əldə olunacağını bildirdiyi razılaşma Hörmüz boğazının dərhal açılmasını, sanksiyaların bir hissəsinin mərhələli şəkildə yumşaldılmasını və tərəflər arasında atəşkəsin 60 gün müddətinə uzadılmasını əhatə edir.
Məlumata görə, ilkin mətn Qətər və Pakistanın vasitəçiliyi ilə hazırlanıb və yekun imzalanacağı təqdirdə “İslamabad Razılaşması” adlandırılacaq.
Axios məlumatlı mənbələrə istinadla yazır ki, Tehran nüvə silahı istehsalına yönəlməyəcəyini öhdəsinə götürəcək və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı ABŞ və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə anlaşmaya gələcək.
Bunun müqabilində ABŞ dəniz blokadasını dayandıracaq və müvəqqəti sanksiya istisnaları çərçivəsində İran neftinin satışına imkan yaradacaq. Həmçinin İran İslam Respublikasının dondurulmuş maliyyə vəsaitlərinin bir hissəsinə məhdud çıxışının təmin olunması məsələsi də nəzərdən keçirilir.
Tramp razılaşmanın həftəsonu imzalana biləcəyini bildirsə də, İran İslam Respublikasının rəsmiləri bu məsələ ilə bağlı hələ yekun qərarın qəbul edilmədiyini açıqlayıblar.