Küveytin hava hücumundan müdafiə sistemləri raket və PUA hücumlarına qarşı aktivləşdirildiyi bir vaxtda, ABŞ bu ölkəyə təxminən 2 milyard dollar dəyərində qabaqcıl anti-PUA sistemlərinin satışına razılıq verib.
ArazNews-un məlumatına görə, Küveyt ordusu şənbə günü açıqlamasında ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən “düşmən hücumlarına” qarşı fəaliyyətə başladığını bildirib.
Hərbi rəsmilər eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin hədəfləri zərərsizləşdirməsi nəticəsində yarandığını açıqlayıblar.
Bu açıqlama ABŞ Dövlət Departamentinin Küveytə pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemləri və əlaqədar avadanlıqların satılmasını təsdiqlədiyini bildirməsindən sonra verilib. Müqavilənin dəyərinin 1 milyard 980 milyon dollar olduğu, əsas podratçı şirkətin isə ABŞ-ın “Anduril” şirkəti olduğu qeyd edilib.
Hadisələr bir neçə gün əvvəl Küveyt Beynəlxalq Hava Limanına edilən hücumdan sonra baş verir. Küveyt rəsmilərinin məlumatına görə, həmin hücum nəticəsində bir nəfər həlak olub, onlarla insan yaralanıb.