ABŞ Prezidenti Donald Tramp bir daha bəyan edib ki, İran Vaşinqtonla razılığa gəlmək niyyətindədir və belə bir razılaşma ABŞ və onun müttəfiqlərinin maraqlarına uyğun olacaq.
ArazNews-un məlumatına görə, Tramp Truth Social hesabında paylaşdığı mesajda yazıb: “İran həqiqətən razılaşmaq istəyir və bu razılaşma ABŞ və bizimlə olanlar üçün yaxşı bir razılaşma olacaq.”
ABŞ prezidenti bu açıqlamaları ABŞ və İran arasında qarşılıqlı hücumlardan bir neçə saat sonra səsləndirib. O bildirib ki, müharibə və danışıqlarla bağlı ziddiyyətli açıqlamalar qərarvermə və danışıqlar prosesini daha da çətinləşdirir. Tramp danışıqların sürətləndirilməsini, ləngidilməsini və ya istiqamətinin dəyişdirilməsini tələb edən tənqidçiləri də hədəf alıb.
Tramp sonda hazırkı prosesin nəticə verəcəyinə inandığını bildirib. O, daha əvvəl İranla mümkün razılaşma və atəşkəsin uzadılması təklifi ilə bağlı yaxın günlərdə qərar verəcəyini açıqlamışdı.