İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf parlamentin virtual iclasında çıxış edərək ABŞ-la aparılan danışıqlara münasibətdə İranın Vaşinqtona heç bir etimad göstərmədiyini bildirib.
ArazNews-un məlumatına görə, Qalibaf ABŞ və İsrailin İrana qarşı müharibəsinin ilk günündə Əli Xameneinin öldürüldüyünü xatırladaraq, parlamentin Müctəba Xameneinin “idarəçiliyi və rəhbərliyinə” güvəndiyini, onun göstərişlərini isə parlament üçün “yol xəritəsi” hesab etdiyini deyib.
Qalibaf davam edən atəşkəs və nüvə danışıqlarına toxunaraq bildirib ki, diplomatiyanın vəzifəsi hərbi sahədə əldə olunan uğurları siyasi və hüquqi nəticələrə çevirməkdir. O, İranın danışıqlar heyətini “diplomatik mübarizə meydanının əsgərləri” adlandırıb və onların ABŞ-ın vədlərinə etibar etmədiyini vurğulayıb.
Parlament sədri əlavə edib ki, İran üçün əsas meyar konkret nəticələrin əldə olunmasıdır və ölkənin hüquqlarının təmin olunduğuna əmin olmayınca heç bir razılaşma təsdiqlənməyəcək. O, həmçinin iqtisadi və sosial problemlərin azaldılması istiqamətində iş aparıldığını iddia edib və İranın bu müharibədən “qələbə ilə çıxacağına” inandığını bildirib.