İran rejiminin prezidenti Məsud Pezeşkian Elm Nazirliyinin rəhbərləri ilə görüşdə etiraf edib ki, inqilabdan keçən 47 ilə baxmayaraq, ölkə bəzi sahələrdə hətta qonşu dövlətlərdən də geri qalıb. O bildirib ki, cəmiyyətin üzləşdiyi problemlər sadə və birtərəfli deyil, buna görə onların həlli də sadə ola bilməz.
ArazNews-un məlumatına görə, Pezeşkian son illərdə universitetlərin plansız şəkildə genişləndirilməsini tənqid edib və əməkhaqlarının real fəaliyyət göstəricilərinə əsasən ödənilməsinin vacibliyini vurğulayıb. O, həmçinin dövlət televiziyasını ölkədəki vəziyyəti reallıqdan fərqli göstərməkdə ittiham edərək bu sahədə ciddi dəyişikliklərə ehtiyac olduğunu bildirib.
Bu açıqlamalar İranın müharibənin və onun ağır iqtisadi nəticələrinin təsiri altında olduğu, ali təhsil böhranı, internet məhdudiyyətləri, enerji çatışmazlığı və ixtisaslı kadrların ölkədən köçü kimi problemlərlə üzləşdiyi bir dövrdə səsləndirilib. Prezidentin qonşu ölkələrdən geri qalma ilə bağlı etirafı ölkədəki problemlərin miqyasını bir daha gündəmə gətirib.