Ağ Ev Reuters-in İran vəsaitlərinin azad olunması ilə bağlı xəbərini təkzib etdi

2 saat əvvəl 1 dəq oxu Editorial Board
 Ağ Ev Reuters-in İran vəsaitlərinin azad olunması ilə bağlı xəbərini təkzib etdi


Vaşinqton Reuters-in ABŞ-ın İranın bloklanmış vəsaitlərinin azad edilməsinə razılaşdığı barədə yaydığı xəbəri rədd edib.

ArazNews-un məlumatına görə, Ağ Ev şənbə günü bildirib ki, İranın Qətərdə və digər xarici banklarda saxlanılan aktivlərinin azad olunmasına razılıq verildiyi ilə bağlı məlumatlar doğru deyil.


Bu, Reuters-in daha əvvəl anonim mənbəyə istinadən Vaşinqtonun danışıqlar çərçivəsində bu vəsaitlərin bir hissəsinin azad olunmasına razılaşdığı barədə xəbərindən sonra baş verib.


Eyni zamanda Ağ Ev açıqlayıb ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens, Stiv Vitkoff və Cared Kuşner Pakistanın baş naziri Şahbaz Şəriflə görüş keçiriblər.


Digər tərəfdən, Məhəmmədbaqir Qalibafın rəhbərlik etdiyi İran heyəti də Pakistan rəsmiləri ilə görüşüb və Şahbaz Şərif iki tərəf arasında vasitəçi rolunu oynayır. O, davam edən danışıqların bölgədə davamlı sülhə yol aça biləcəyinə ümid etdiyini bildirib.


Qeyd edək ki, 2023-cü ildə də ABŞ-ın icazəsi ilə İranın təxminən 6 milyard dollarlıq vəsaiti Cənubi Koreyadan Qətərə köçürülmüş və bu vəsaitlərin yalnız humanitar məqsədlərlə istifadə olunması şərti qoyulmuşdu.