Azərbaycanlı analitik: Xocalı qatillərinin tərəfdarları bu gün Azərbaycandan dəstək gözləyir
ArazNews-un məlumatına görə, İran rejiminin Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin müsəlman ölkələrinin İrana dəstək verməməsindən şikayət etməsindən sonra, Azərbaycanda bir siyasi analitik Tehranın Bakıdan tərəfkeşlik gözləməməli olduğunu bildirib.
Siyasi analitik Qabil Hüseynli “Yeni Müsavat”a müsahibəsində deyib ki, Laricani bu gileyləri səsləndirərkən yəqin ki, Azərbaycan Respublikasını da nəzərdə tutub, lakin Bakından belə bir gözlənti yanlışdır. Onun sözlərinə görə, Azərbaycan Respublikası indiki şəraitdə belə öz ərazisi və hava məkanından İrana qarşı hücum üçün istifadə edilməsinə icazə verməyib və bu, Bakının qonşuluq prinsipinə hörmətini göstərir.
O, iki ölkə münasibətlərinin keçmişinə də toxunaraq bildirib ki, 1990-cı illərdə Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan tərəfindən işğal edilərkən İran nəinki Azərbaycana dəstək vermədi, əksinə bir çox hallarda Ermənistana yardım göstərirdi. Hüseynlinin sözlərinə görə, İranın müxtəlif siyasi qrupları İrəvanı dəstəkləyir və İran Ermənistan üçün iqtisadi “nəfəs yolu” rolunu oynayırdı. Onun fikrincə, İrandan Ermənistana ötürülən yanacaq faktiki olaraq Azərbaycanla müharibədə Ermənistanın hərbi texnikasının fəaliyyətinə kömək edirdi.
Hüseynli həmin dövrdə Tehran–İrəvan münasibətlərinə toxunaraq əlavə edib: “Xocalı qətliamında rol oynamış, müdafiəsiz müsəlmanları, o cümlədən uşaqları, qadınları və yaşlıları qətlə yetirmiş Robert Koçaryan sonradan Ermənistan prezidenti kimi İran tərəfindən qəbul edildi və dəstəkləndi. Halbuki bilməli idilər ki, bir gün müsəlman ölkələrinin dəstəyinə ehtiyac duyacaqlar.”