Mülki müdafiə qurumu vətəndaşları iri şəhərləri tərk etməyə çağırdı

2 saat əvvəl 1 dəq oxu
Mülki müdafiə qurumu vətəndaşları iri şəhərləri tərk etməyə çağırdı


İranın müxtəlif bölgələrində İran hakimiyyətinə bağlı mövqelərə hücumların davam etdiyi bir vaxtda ölkənin Mülki Müdafiə Təşkilatı yayımladığı açıqlamada tam hazır vəziyyət elan edildiyini bildirib və vətəndaşları böhran şəraitinə hazır olmağa çağırıb.

Açıqlamada bildirilib ki, mümkün hava və raket hücumları zamanı insanlar metro stansiyalarına və binaların yeraltı mərtəbələrinə sığınmalı, açıq məkanlarda toplaşmaqdan çəkinməlidirlər. Həmçinin məktəblər, məscidlər və qapalı zallar müvəqqəti yerləşdirmə məntəqələri kimi nəzərdə tutulub.

Bildirişdə diqqət çəkən məqamlardan biri də iri şəhərlərdə yaşayanlara, xüsusilə Tehranda, böyük şəhərlərdə qeyri-zəruri qalmaq və hərəkət etməkdən çəkinmək, hətta bu bölgələri müvəqqəti tərk etmək tövsiyəsinin verilməsidir. Bir çox müşahidəçilər bunu hücumların genişlənməsi və infrastrukturun həssaslığı ilə bağlı hökumətin narahatlığının göstəricisi kimi qiymətləndirir.

Mülki müdafiə qurumu həmçinin vətəndaşlardan ilkin tibbi ləvazimatlar, su, qida və vacib sənədləri əhatə edən fövqəladə çantalar hazırlamağı və təhlükəsiz məntəqələrə aparan marşrutları əvvəlcədən müəyyən etməyi xahiş edib.