İranın region ölkələrinə hücumları böyük strateji səhvdir

1 saat əvvəl 1 dəq oxu
İranın region ölkələrinə hücumları böyük strateji səhvdir


Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü və Araz News Media Qrupunun koordinatoru Məcid Cavadi Araz, İranın region ölkələrinə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları hücumlarını ciddi strateji səhv kimi qiymətləndirib. O, “Bakı Xəbər” qəzetinə verdiyi müsahibədə bildirib ki, İranın Azərbaycan Respublikası, Türkiyə və bəzi ərəb ölkələrinə qarşı atdığı addımlar regionda gərginliyin artmasına səbəb olub və İslam dünyasında parçalanmaya yol aça bilər.

Onun sözlərinə görə, bu ölkələr daha əvvəl dəfələrlə bəyan etmişdilər ki, öz ərazilərindən və hava məkanlarından İrana qarşı hücumlar üçün istifadə olunmasına icazə verməyəcəklər. Buna baxmayaraq, İranın raket və pilotsuz aparatlarla hücumlar həyata keçirməsi, xüsusilə də bəzi mülki hədəflərin vurulması beynəlxalq hüquq baxımından da ciddi nəticələr doğura bilər.


Cavadi Araz vurğulayıb ki, belə addımlar beynəlxalq hüquqa əsasən bu ölkələrə legitim müdafiə hüququndan istifadə etmək imkanı verə və İranı qanuni hərbi hədəfə çevirə bilər. O əlavə edib ki, Azərbaycan və Türkiyə Respublikalarına qarşı atılan addım mənəvi baxımdan da böyük səhvdir, çünki İran əhalisinin təxminən 40 faizini Türk mənşəli vətəndaşlar təşkil edir.


Məcid Cavadi Araz daha sonra bildirib ki, əgər İran ABŞ və İsraillə müharibə vəziyyətindədirsə, hədəflərini də həmin çərçivədə müəyyənləşdirməli və region ölkələri ilə qarşıdurma yaratmaqdan çəkinməlidir. Əks halda bu proses İslam ölkələri arasında daha geniş qarşıdurmaya gətirib çıxara bilər.