Üç hakimiyyət qovşağı rəhbərinin birgə bəyanatı:
Problemlərin həlli vədi və etirazçılara qarşı qətiyyətli tədbir hədəsi
İran İslam Respublikasının üç hakimiyyət qovşağının rəhbərləri birgə bəyanat yayaraq, son ölkəmiqyaslı etirazları "mürəkkəb fitnə" adlandırıb, eyni zamanda "məişət problemlərinin həlli" və "terrorçu ünsürlər" adlandırdıqları şəxslərə qarşı qətiyyətli mübarizə aparılacağını vurğulayıblar.
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxınlığı ilə bilinən "Tasnim" xəbər agentliyinin "Araz News"a istinadən verdiyi məlumata görə; Prezident Məsud Pezeşkian, Məhkəmə Sisteminin rəhbəri Qulamhüseyn Möhsün Əjei və İslami Şura Məclisinin sədri Məhəmməd Baqir Qalibaf birgə bəyanatda İrandakı son etirazları "əzəli düşmənlərə" və "terrorçu, iğtişaşçı ünsürlərə" nisbət verib, təhlükəsizlik və hüquq-mühafizə qüvvələrinin səyi ilə bu etirazların qarşısının alındığını iddia ediblər.
Üç hakimiyyət rəhbəri bu bəyanatda bildiriblər ki, "vahidlik və qarşılıqlı əməkdaşlıq"dan istifadə etməklə və Əli Xameneinin göstərişləri çərçivəsində məişət və iqtisadi problemlərin həlli, habelə ictimai təhlükəsizliyin təmin edilməsi üçün çalışacaqlar. Eyni zamanda, onlar "terrorçu qatillər və fitnəkarlar"a qarşı qətiyyətli tədbirlər görüləcəyinə, yalnız etirazlarda "əsas rol" oynamayan şəxslərə qarşı "islami şəfqət"lə rəftar ediləcəyinə söz veriblər.
Bu bəyanat İran rəsmilərinin son həftələrdə etirazçıları dəfələrlə "terrorçu" və "iğtişaşçı" kimi təhlükəsizlik terminləri ilə xarakterizə etdiyi bir vaxtda yayılıb. İnsan haqları qurumları bu leksikonu etirazların qanlı şəkildə yatırılmasına bəraət qazandırmaq cəhdi kimi tənqid edirlər.
Eyni zamanda, Möhsün Əjei bir daha saxlanılanların işlərinə sürətlə baxılmasını vurğulayıb və ən qısa zamanda "çəkindirici" hökmlərin çıxarılmasını tələb edib. Hüquq-mühafizə qüvvələrinin baş komandanı Əhmədrza Radan da etirazçıları hədələyərək bildirib ki, təhlükəsizlik qüvvələri onları "son nəfərinə qədər" təqib edəcək.