Suriya ordusu Təbqədə irəliləyir və şimal-şərqdəki neft-qaz yataqlarını ələ keçirir
Suriya hökumət qüvvələri bazar günü Rəqqə əyalətindəki strateji Təbqə şəhərini YPG terror qruplaşmasının qüvvələrindən geri alıb.
"Araz News"un "Reuters"ə istinadən verdiyi məlumata görə; Suriya hökumət qüvvələri toqquşmaların şərqə doğru genişlənməsi ilə eyni vaxtda "Əl-Ömər" neft yatağını (Suriyanın ən böyük neft yatağı) və "Koniko" qaz yatağını nəzarətə götürüblər. Hər iki sahə əvvəllər YPG-nin nəzarətində idi və Suriyanın ən mühüm enerji aktivləri hesab olunur. Həmçinin, Suriya dövlət mediası ordunun irəliləmə sürətini azaltmaq üçün YPG qüvvələrinin Fərat çayı üzərindəki körpüləri partlatdığını xəbər verib.
Digər hesabatlarda toqquşmaların Rəqqədən Deyrizora qədər genişləndiyi, hökumət qüvvələrinin Deyrizorun şərqindəki şəhər və kəndləri nəzarətə götürdüyü qeyd olunur. Bu hadisələr "Suriya Demokratik Qüvvələri" (QSD) ilə Suriya mərkəzi hökuməti arasında mart razılaşmasının icrası üçün aparılan danışıqların uğursuzluğa düçar olduğu, Fransa və ABŞ-ın Dəməşqdən hərbi əməliyyatları dayandırmağı tələb etdiyi bir vaxtda baş verir.