"Washington Post": Trampın İrana hücumdan geri çəkilməsi "xərc-fayda" hesablamasının nəticəsi idi

4 saat əvvəl 1 dəq oxu
"Washington Post": Trampın İrana hücumdan geri çəkilməsi "xərc-fayda" hesablamasının nəticəsi idi


"Washington Post" qəzeti xəbər verir ki, Donald Trampın İrana qarşı hərbi hücumdan imtina etmək barədə qəfil qərarı, hər şeydən əvvəl bu addımın baha başa gələn, gözlənilməz və regional nəticələrindən duyulan narahatlıqdan qaynaqlanıb.

"Araz News"un məlumatına görə, "Washington Post" hazırkı və keçmiş 12-dən çox amerikalı rəsmiyə istinadən yazıb ki, Ağ Ev çərşənbə günü səhər saatlarına qədər İrana hücum əmri vermək ərəfəsində olub və bölgədəki ABŞ qüvvələrinin, hərbi texnikasının yerdəyişməsinə başlanılıb.

Lakin Tehrandan planlaşdırılan edamların dayandırılması barədə mesajlar aldıqdan sonra, eyni zamanda ərəb müttəfiqlərinin güclü təzyiqi və Pentaqonun narahatlıqları fonunda, Tramp belə bir qənaətə gəlib ki, İrana hücum "kifayət qədər faydalı" deyil. O, belə bir addımın genişmiqyaslı müharibəyə, iqtisadi qeyri-sabitliyə və Yaxın Şərqdəki on minlərlə amerikalı hərbçinin həyatına birbaşa təhlükəyə səbəb ola biləcəyini hesablayıb.

Hesabatda vurğulanır ki, hərbi variant hələ də tamamilə kənara qoyulmayıb və Tramp yaxın həftələrdə bu varianta qayıtmaq imkanını özü üçün saxlayıb.