Bağdadın Kürdüstan Bölgəsinin sərhəd keçid məntəqələrinə nəzarəti ələ keçirməsi Tehranın sərt reaksiyasına səbəb olub. İslam Respublikası rəhbərinin müşaviri Məhəmməd Müxbir noyabrın 28-də, şənbə günü X sosial şəbəkəsində İraq hökumətini sərhədlər məsələsində «ayıq» olmağa və Donald Trampın siyasətinin icra alətinə çevrilməməyə çağırıb.
İraqın baş naziri Əli əz-Zeydi Kürdüstan Bölgəsindəki bütün keçid məntəqələrinin və neft yataqlarının federal hökumətə təhvil verilməsi barədə göstəriş verib. İraq sərhəd xidməti İranla sərhəddəki «Puştə» və Suriya ilə sərhəddəki «Əl-Vəlid» qeyri-rəsmi keçid məntəqələrini bağlayıb. ABŞ Maliyyə Nazirliyi Bağdaddan iki keçid məntəqəsi istisna olmaqla, İranla bütün sərhədlərini bağlamağı tələb edib.
İraqın milli təhlükəsizlik müşaviri Qasim əl-Əraci qeyri-rəsmi keçid məntəqələrinin bağlanması və regiondakı proseslərlə bağlı müzakirələr aparmaq üçün Tehrana gəlib. Ərbildə isə cümə axşamı minlərlə insan Bağdadın qərarı əleyhinə nümayiş keçirib.