bazar, 29 noyabr 2026
Bölgə

İraq ordusu Kürdüstan Regionu ilə sərhəd bölgələrində qüvvələrini gücləndirib

İraq ordusu Kürdüstan Regionu ilə sərhəd bölgələrində qüvvələrini gücləndirib

İraq ordusu Bağdaddakı mərkəzi hökumət ilə İraq Kürdüstan Regionu arasında sərhəd keçid məntəqələrinə və neft ehtiyatlarına nəzarət məsələsində fikir ayrılıqlarının dərinləşdiyi bir vaxtda Kərkük vilayətinin Süleymaniyyə, Neynəva və Salahəddin vilayətləri ilə sərhəd bölgələrində hərbi qüvvələrinin yerləşdirilməsini gücləndirib.

İraqın Şafaq News agentliyinin məlumatına görə, hərbi mənbə noyabrın 28-də, şənbə günü bildirib ki, İraq ordusunun 8-ci və 11-ci diviziyalarına məxsus bölmələr Qarahəncir, Altunköprü, Dibis və Daquq bölgələrində yerləşdirilib və bir sıra əlaqə marşrutlarına və qeyri-rəsmi yollara nəzarəti ələ alıb. Mənbənin sözlərinə görə, bu addımların məqsədi neft qaçaqmalçılığının qarşısını almaq, nəqliyyat vasitələrinin hərəkətinə nəzarəti artırmaq və sərhəd bölgələrində təhlükəsizlik nəzarətini gücləndirməkdir.

Bu proseslər İraqın baş naziri Əli əz-Zeydinin Kürdüstan Regionunun sərhəd keçid məntəqələrinə nəzarətin federal qurumlara verilməsi, neft ixracının da mərkəzi hökumətin nəzarətinə keçməsi barədə göstəriş verdiyi bir vaxtda baş verir. Kürdüstan Regionunun rəsmiləri bu qərarlara etiraz edərək onları Bağdadla əvvəllər əldə olunmuş razılaşmalara zidd hesab ediblər.

Bu xəbəri paylaşın