Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin yaxın illərdə ölkə ərazisini tamamilə tərk edəcəyini və sərhədlərin mühafizəsi məsuliyyətinin Ermənistan qüvvələrinə veriləcəyini açıqlayıb.
Anadolu və "İnterfaks" agentliklərinin məlumatına görə, Paşinyan noyabrın 26-da, cümə axşamı keçirdiyi mətbuat konfransında deyib: "Rusiya sərhədçilərinə təşəkkür edirik, lakin sərhədlərimizin mühafizəsi məsuliyyətini tamamilə öz üzərimizə götürməyin vaxtı çatıb."
1992-ci il sazişinə əsasən, Rusiya qüvvələri Ermənistanın Türkiyə və İranla sərhədlərinin mühafizəsində iştirak edib. Bununla belə, onların mövcudluğunun azaldılması prosesi ötən illərdən başlayıb.
Paşinyan daha əvvəl də Gümrü şəhərindəki Rusiya hərbi bazasının Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımadığını və İrəvanın bu bazanın mümkün çıxarılmasına etiraz etməyəcəyini bildirmişdi.
Paşinyanın son açıqlaması Rusiya sərhədçilərinin tam çıxarılmasına aiddir və bütün Rusiya hərbi qüvvələrinin Ermənistandan qəti şəkildə çıxarılmasının elan edilməsi anlamına gəlmir.