Amerikanın "Dynamic Frontier Holdings" şirkəti sentyabrın 22-də Tequt mis-molibden mədənini istismar edən şirkətin səhmlərinin 100 faizini bütün borcları ilə birlikdə satın alıb. Tequt Ermənistanın ikinci ən böyük mədən kompleksidir. Onun ehtiyatı 1,6 milyon ton mis və 100 min ton molibden həcmində qiymətləndirilir. Bundan əvvəl bu mədənin əsas səhmdarı və kreditoru Rusiyanın VTB bankı idi.
İqtisadi ekspert Yusif Allahverdizadə "Nəsr" saytında dərc etdiyi təhlildə bu sövdələşmənin İslam Respublikası üçün nəticələrini araşdırıb. Onun yazdığına görə, ABŞ sanksiyaları Sungun mis kompleksinin və Araz Azad Zonasının Tequt ilə əməkdaşlığını faktiki olaraq qeyri-mümkün edir. Ekspert, həmçinin, bu mədənin məhsullarının İran əvəzinə Gürcüstan və Qara dəniz marşrutu ilə daşınacağını proqnozlaşdırıb.
Ekspert eyni modelin Qacarandakı Zəngəzur Mis-Molibden Kombinatında da təkrarlanması ehtimalından yazıb. Onun sözlərinə görə, bu halda Qərb şirkətləri Nurduz sərhədindən bir neçə kilometr məsafədə yerləşəcək.