İranda spirtli içkidən zəhərlənmə bir aydan az müddətdə 20 nəfərin həyatına son qoyub. Səhiyyə Nazirliyinin müalicə işləri üzrə müavini Səccad Rəzəvi noyabrın 1-dən 24-dək 356 zəhərlənmə halının aşkarlandığını bildirib. Onun sözlərinə görə, bu şəxslərdən 187 nəfəri xəstəxanaya yerləşdirilib, 142 nəfəri isə evə buraxılıb.
Rəzəvinin sözlərinə görə, zəhərlənənlərdən 80 nəfər dializ olunub və ya hələ dializ alır. Onlardan 33 nəfər intensiv terapiya şöbəsində müalicə olunur, 16 nəfərdə isə görmə bulanıqlığı yaranıb. Zəhərlənənlərin orta yaşı təxminən 30-dur. Qeydə alınan ən azyaşlı zəhərlənən isə cəmi 12 yaşındadır.
Ən çox zəhərlənmə halı 211 halla Nişapurda qeydə alınıb. Növbəti yerlərdə 66 halla Şiraz, 37 halla Hörmüzgan və 19 halla Əlborz gəlir. Güney Azərbaycanda Xoyda 8 zəhərlənmə halı qeydə alınıb, Zəncan və Xalxalda isə hər birində 3 hal olub.